Xəbərlər

“Aqrar Tədarük və Təchizat” ASC-də Zəfər Gününə həsr olunan tədbir keçirilib

06 / 11 / 2021

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibəti ilə İkinci Fəxri xiyabanı ziyarət edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.

Daha sonra “Aqrar Tədarük və Təchizat” ASC-də Zəfər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Cəmiyyətin rəhbərliyi, Vətən müharibəsində iştirak etmiş əməkdaşları və qazilər iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səslənib. Sonra Vətən müharibəsinə həsr olunmuş qısa-metrajlı sənədli film nümayiş olunub.

Tədbirdə giriş nitqi ilə çıxış edən “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev Zəfər Günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik edib. Vətən müharibəsində Cəmiyyətin əməkdaşlarının da iştirak etməsinin kollektiv üçün iftixar və qürur mənbəyi olduğunu bildirib.

İdarə Heyətinin sədri vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə qazanılan şanlı qələbə bütün dünyaya xalq-dövlət birliyinin gücünü, ordumuzun rəşadətini və xalqımızın əzmkarlığını göstərib.

Cəmiyyətin sədri onu da qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycan dövlətinin gücünü bir daha bütün dünyaya nümayiş etdirir.

Daha sonra söz Vətən müharibəsi iştirakçılarına və qazilərə verilib. Çıxış edənlər tarixi bir qələbədə pay sahibi olduqları üçün qürur duyduqlarını ifadə ediblər.

Sonda Cəmiyyətin Vətən müharibəsində iştirak edən əməkdaşlarına Zəfər Gününün 1 illiyi ilə əlaqədar xatirə hədiyyələri təqdim olunub.