Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və
Təchizat” ASC tərəfindən 10-11 iyun tarixlərində “Kənddən Şəhərə” yarmarkaları
təşkil olunacaq.
Yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda baş
tutacaq. Yarmarkaların təşkilində əsas məqsəd vətəndaşların kənd təsərrüfatı məhsullarına
olan tələbatlarını yerli məhsullarla ödəmək, eyni zamanda fermerlər üçün
alternativ satış kanalı yaratmaqdır. Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə
qoyulan məhdudiyyətlər nəzərə alınaraq vətəndaşların rahatlığını təmin etmək
üçün budəfəki “Kənddən Şəhərə” yarmarkaları həftənin cümə və cümə axşamı günlərində
keçiriləcək.
Yarmarkalarda satışa çıxarılacaq bütün məhsullar müxtəlif
regionlarda fəaliyyət göstərən və yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan
keçən yerli fermerlər tərəfindən yetişdirilir. Məhsulların satışını da birbaşa
həmin fermerlər həyata keçirirlər. “Kənddən Şəhərə” yarmarkalarında 40-a yaxın
regiondan 100-dan artıq fermer tərəfindən 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və
qida məhsulunun satışı baş tutacaq.
Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl
olunmaqla keçiriləcək. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə
piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi
maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarkaya
alış-verişə gələcək vətəndaşlar temperaturları ölçüldükdən sonra yarmarka ərazisinə
buraxılacaqlar. Həmçinin, yarmarkanın keçiriləcəyi müddətdə təşkilatçı qurum tərəfindən
yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq və ziyarətçilərin
sosial məsafəni qorumasına ciddi nəzarət olunacaq.
“Kənddən Şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət
göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro
stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab”
kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A