Xəbərlər

“Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

25 / 02 / 2021

27-28 fevral tarixlərində saat 10:00-dan 19:00-dək Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunan yarmarkalarda müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını satışa çıxaracaq. 

Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına  olan tələbatını daha dolğun təmin etməkdir.

Yarmarka karantin rejiminin tələblərinə tamamilə əməl olunmaqla keçiriləcək. Yarmarkada əvvəlcədən qeydiyyatdan və tibbi müayinədən keçən fermerlər iştirak edirlər. Onlar ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunublar. Yarmarka ərazisində mütəmadi olaraq  dezinfeksiya tədbirləri aparılır, yarmarkaya daxil olan vətəndaşların temperaturları ölçülür, ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzərət olunur.


“Kənddən şəhərə” həftəsonu yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A