Ölkəmizdə həyata keçirilən ilk aqroturizm layihəsi olan “Şəhərdən Kəndə”nin
www.tovillage.az portalının beta-versiyası istifadəyə hazırdır.
Portalın yaradılmasında əsas məqsəd ölkəmizin müxtəlif gözəl guşələrində
olan kəndli-fermer təsərrüfatlarını yerli və xarici turistlərə yaxından
tanıtmaq, səyahətsevərlər üçün alternativ istirahət imkanını daha əlçatan etmək,
ölkəmizdə aqroturizmin inkişafına töhfə vermək, eyni zamanda regionlarda
yaşayan əhalinin sosial rifah halının yüksəlməsində pay sahibi olmaqdır.
Portal vasitəsilə Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Lənkəran və Quba
rayonlarına təşkil olunan turlara qoşulmaq mümkündür. Həmçinin, turistlər öz
istəklərinə uyğun olaraq fərdi turlar da sifariş edə bilərlər. Portalda
aqroturun təşkil olunduğu hər bir təsərrüfat barədə ətraflı məlumat yerləşdirilib.
Tur sifariş etmək istəyən şəxslər səfərin proqramı ilə tanış ola bilərlər.
“Şəhərdən Kəndə” turlarına qoşulan səyahətsevərlər digər turlardan fərqli
olaraq burada kənd evlərinə, təsərrüfat sahələrinə, kənd təsərrüfatı məhsullarının
emalı ilə məşğul olan müəssisələrə səyahət edirlər. Tur iştirakçıları təbii kənd
məhsulları və müxtəlif regionların yerli təamları ilə qidalanır, fərqli təsərrüfat
sahələri ilə yaxından tanış olur, mövsümdən asılı olaraq meyvə yığımı, ağacəkmə,
at minmə, balıqçılıq və digər fəaliyyətlərdə iştirak edir, həmçinin kənd məhsullarını
fermerlərdən əldə edə bilirlər.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin icrasına 2019-cu ildə
başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat”
ASC tərəfindən icra edilən layihə Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi
və “Paşa Holdinq” tərəfindən dəstəklənir.
Layihənin icrasına
başlanılan gündən etibarən müxtəlif regionlarda olan fermer təsərrüfatlarına 40-dan artıq
aqrotur təşkil olunub. Bu turlara ümumilikdə 800-dən çox turist qoşulub ki,
onların 150-ə yaxını əcnəbi turistlərdir. Turist qəbul edən hər bir fermer təsərrüfatının
aylıq gəliri ortalama 300 manat artıb.
Bildirək ki, layihə çərçivəsində müxtəlif regionlarda 300-ə yaxın kəndli-fermer
və aqrar sahibkarlarla görüşlər
keçirilib, onlara layihənin məqsədi və fəaliyyət prinsipləri barədə ətraflı məlumat
verilib.
Bu günədək 200-ə yaxın təsərrüfat sahibi birbaşa, yaxud www.tovillage.az saytı və sosial
media hesabları vasitəsilə layihəyə qoşulmaq üçün müraciət edib. Baxış keçirilən 118 fermer təsərrüfatından 76-sı
layihə üçün uyğun hesab edilib. Layihədə iştirak haqqı qazanan 52 fermerə
yerli və əcnəbi mütəxəssislər tərəfindən təlimlər keçirilib. Hazırda layihəyə
maraq böyükdür və müraciət edənlərin sayı artmaqdadır. Layihənin qoyduğu tələblərə
cavab verən təsərrüfatlarda yenidənqurma işləri aparılır, onlar müəyyən texniki
və avadanlıq dəstəyi əldə edirlər.
Qeyd edək ki, 2021-ci ilə qədər davam edəcək pilot layihə çərçivəsində
500 fermer maarifləndiriləcək və onların aqroturizm sahəsində məşğulluqları təmin
olunacaq.