Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə”
layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.
Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud karantin rejimi ilə əlaqədar
tətbiq etdiyi qaydalara uyğun olaraq COVİD-19 virusunun yayılmasının qarşısını
almaq, həmçinin onlayn xidmətlərin daha çox təşviqi məqsədilə sifarişlərin
onlayn qaydada həyata keçirilməsi üçün yeni satış portalı vətəndaşların istifadəsinə
verilib.
Satış yarmarkasının təşkilində əsas məqsəd bayramla
əlaqədar istehlakçıların seçim imkanlarını artırmaq, azgəlirli ailələrin
qurbanlıq qoyunlara olan tələbatını ödəmək və bazarlarda yarana biləcək süni
qiymət artımının, həmçinin mövcüd karantin rejimi ilə əlaqədar yarana biləcək əhali
sıxlığının qarşısını almaqdır.
Qurbanlıq qoyunların sifarişi www.qurbanliq.kendden.az saytı vasitəsilə onlayn qaydada baş tutacaq. Satışa
çıxarılan qurbanlıq qoyunlar sahibkarlar tərəfindən Şimali Qafqaz regionundan gətirilib.
Dünyada və ölkəmizdə mövcud olan koronavirus
pandemiyasını nəzərə alsaq onlayn sifariş vətəndaşların sağlamlığının
qorunmasına və satış mərkəzlərində yarana biləcək sıxlığın qarşısının
alınmasına xidmət edəcək. Qurbanlıqların kəsimi islami qaydalara uyğun olaraq yalnız rəsmi icazəsi olan kəsimxanalarda həyata
keçiriləcək. Kəsim məntəqələrində bütün sanitar-gigiyenik qaydalara ən yüksək səviyyədə
riayət olunacaq, xidməti personal xüsusi əlcək, maska və baş geyimində fəaliyyət
göstərəcək. Həmçinin məntəqələrdə sabun və əl-üz yuma stansiyaları, dezinfeksiya
dispenserləri quraşdırılacaq. Vətəndaşlar arasında sosial məsafənin
saxlanılmasına xüsusi nəzarət ediləcək.
Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar
www.qurbanliq.kendden.az saytına daxil olaraq 31 iyul saat 00:00-dək mövcud
xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə
bilərlər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürəcəkləri məntəqəni,
tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun
olaraq üç kateqoriyada vətəndaşlara təklif olunacaq. Sifariş edilən qurbanlığın
dəyəri kəsilmiş çəkidə hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödəniləcək. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq
qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdiyi
zaman, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdiyi
zaman ödəyəcək.
Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların
mobil telefonuna təsdiq bildirişi göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri
ünvana yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən
sifariş etdiyi qurbanlığı kəsilmiş formada hazır əldə edə biləcəklər.
Vətəndaşlar onlayn qaydada sifariş etdikləri
qurbanlıqları Bakı və Sumqayıt şəhərlərində aşağıda qeyd edilən satış mənqələrindən
götürə biləcəklər:
1.
Nizami rayonu, Rizvan Teymurov küç. 21
2.
Nərimanov rayonu, Ağa Nemətulla küç., 45 nömrəli
məktəbin yanı
3.
Nəsimi rayonu, 20 Yanvar küç. 243
4.
Binəqədi rayonu, 9 mikrorayon, Mircəlal küç. 41
5.
Binəqədi rayonu, Kazımovski 138 B
6.
Xətai rayonu, Məhəmməd Hadı küç., KTV-nin yanı
7.
Xətai rayonu, Gəncə pr. 148 A, Xəzər univermağının
yanı
8.
Xətai rayonu, Lütfizadə küçəsi (Grand marketin
yanı)
9. Suraxanı rayonu, Sakit Qocayev küç. 90
10. Sumqayıt şəhəri, Azərbaycan prospekti, 20-ci məhəllə (Əşya bazarının yanı)