Kənd
Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC
tərəfindən Ramazan bayramı münasibəti ilə paytaxtın 3 fərqli nöqtəsində
“Kənddən Şəhərə” Ramazan yarmarkası təşkil olunacaq. 23-24 may tarixlərində baş
tutacaq yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edəcək.
“Kənddən Şəhərə” Ramazan
yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin
kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla
ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı
yaratmaqdır.
Qeyd edək ki, koronavirus
pandemiyası ilə əlaqədar olaraq “Kənddən Şəhərə” yarmarkalarının fəaliyyətində
müvəqqəti fasilə yaranmışdı. Bu səbəbdən Ramazan yarmarkası Nazirlər Kabineti
yanında Operativ Qərargahın təsdiqlədiyi karantin normalarına əməl edilməklə
təşkil olunacaq. Belə ki, fəaliyyətə başlamazdan əvvəl yarmarkaların
keçiriləcəyi ərazilərdə koronavirusla mübarizə tədbirləri çərçivəsində
dezinfeksiya işləri aparılacaq, yarmarka ərazisinə daxil olan fermerlərin və
ziyarətçilərin temperaturları ölçüləcək, fermerlər lazımi qoruyucu tibbi
ləvazimatlarla (maska, əlcək, spirt və s.) təmin olunacaqlar.
“Kənddən şəhərə” Ramazan
yarmarkası aşağıdakı ünvanlarda baş tutacaq:
Yasamal rayonu, Hüseyn Cavid pr.
ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)
Binəqədi rayonu, Süleyman Sani
Axundov 5B (İnqilab kinoteatrının yanı)
Nərimanov rayonu, Gənclik metro
stansiyasının yanı
Qeyd edək ki, “Kənddən Şəhərə”
layihəsi çərçivəsində təşkil olunan yarmarkalarda satılan məhsullar bütünlüklə
yerli istehsal olub, iştirak etmək üçün əvvəlcədən müraciət edən fermerlər
tərəfindən satışa çıxarılır. Yarmarkalarda paytaxt sakinlərinə təqdim olunan
məhsulların qiyməti digər satış mərkəzlərindən və bazarlardan münasibliyi ilə
fərqlənir, aztəminatlı ailələrin, həmçinin digər paytaxt sakinlərinin büdcəsinə
uyğun olur.