Novruz
bayramı münasibəti ilə Bakı və Abşeron ərazisində 5 fərqli nöqtədə təşkil
olunan “Kənddən Şəhərə” Bahar yarmarkaları davam edir. Yarmarkalarda əvvəlcədən
qeydiyyatdan keçmiş 200-ə yaxın fermer kənd təsərrüfatı məhsullarının münasib
qiymətlərlə satışını həyata keçirir.
19 mart tarixinədək davam
edəcək yarmarkaların təşkilində əsas məqsəd bayram ərəfəsində şəhər sakinlərinin
kənd təsərrüfatı məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə
ödəmək, bazarlarda yarana biləcək süni qiymət artımının qarşısını almaq və
fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.
Bu gün "Aqrar Tədarük və Təchizat" ASC-nin rəhbər şəxsləri media nümayəndələrinin iştirakı ilə yarmarkada olub.
ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev yarmarka barədə jurnalistlərin
suallarını cavablandırıb. O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində Aqrar Tədarük və Təchizat ASC tərəfindən təşkil olunan
yarmarkaların əsas məqsədi fermerlərin öz məhsullarını rahat sata bilməsi və
paytaxt sakinlərinin bu məhsullara olan tələbatının ödənilməsidir.
“Bildiyiniz kimi,
yarmarkalar “Kənddən Şəhərə” layihəsi çərçivəsində mütəmadi olaraq keçirilir.
Bu yarmarkalarda ölkəmizin müxtəlif bölgələrindən olan fermerlər iştirak edir və
öz məhsullarını təqdim edir. Biz həm yarmarkalar vasitəsilə, həm də “Kənddən Şəhərə”
satış mərkəzləri vasitəsilə kiçik fermer təsərrüfatı sahibləri və yerli qida
istehsalçılarının məhsul satışına dəstəyimizi davam etdiririk. Bundan başqa “Kənddən
Şəhərə” layihəsi çərçivəsində vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin
artırılması və onların kənd təsərrüfatı məhsullarına əlçatanlığının təmin
olunması məqsədi ilə səyyar satış da həyata keçirilir. Hazırda satış
avtomobilimiz Ağa Nemətulla küçəsi 62 ünvanında xidmət göstərir.”
Yarmarkada iştirak
tamamilə ödənişsizdir. Fermerlərin yarmarkada iştirakı üçün ehtiyacı olanlara
loqistika dəstəyinin göstərildiyini deyən Aqil Quliyev yarmarkada qiymətlərin
fermerlər tərəfindən təyin edildiyini bildirib. O, təcrübəyə əsaslanaraq heç
bir əlavə xərci çıxmayan fermerlərin təyin etdiyi qiymətlərin digər topdansatış
məntəqələrindəki qiymətlərlə müqayisədə xeyli münasib olduğunu diqqətə
çatdırıb.
Hər gün bir neçə dəfə
fermerlərin temperaturunun ölçüldüyünü diqqətə çatdıran qurum rəsmisi
koronavirus təhlükəsinə qarşı mütəmadi olaraq profilaktik tədbirlərin həyata
keçirildiyini deyib.
“Koronavirus
infeksiyasının qarşısının alınması məqsədi ilə yarmarkalarda təxirəsalınmaz tədbirlər
həyata keçirilib, tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib. Mütəmadi
olaraq yarmarkalarda dezinfeksiya işləri aparılır, fermerlər zəruri olan tibbi
ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunurlar. Təkcə
yarmarkaların keçirildiyi məkanlar deyil, Aqrar Tədarük və Təchizat ASC-nin
bütün regional idarələri və anbarlarında, “Kənddən Şəhərə” satış mərkəzlərində
də mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.”
Xatırladaq ki, “Kənddən Şəhərə”
Bahar yarmarkaları Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və
Təchizat” ASC tərəfindən həyata keçirilir. Yarmarkalar aşağıdakı ünvanları əhatə
edir:
Yasamal rayonu, Hüseyn
Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)
Binəqədi rayonu, Süleyman
Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)
Nərimanov rayonu, Gənclik
metro stansiyasının yanı
Xırdalan şəhəri, Heydər
Əliyev prospekti 41A
Suraxanı rayonu,
Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi
(Neftçilər parkının yanı)